Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, müharibə əlillərinə 50 avtomobil təqdim edildi
28 May - Respublika günündə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi olaraq bu kateqoriyadan olan vətəndaşlara 100 mənzil, habelə Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib.
Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb.
Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu qeyd edib.
V.Nəsirli ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın güclü sosial siyasətə malik olduğunu vurğulayıb, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edib. O, koronavirus epidemiyası dövründə ölkəmizdə reallaşdırılan geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb. V.Nəsirli bildirib ki, dövlət başçısının tapşırığı əsasında bu il də bütün sosial proqramlar tam icra edilməklə, bu proqramların əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaq.
Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə isə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün artıq 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7700-dək mənzil və fərdi ev təqdim edilib.
Bildirilib ki, Nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlillərinə təqdim edilir. (Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda verilir.)
Bununla da Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6800 avtomobil verilib.
Tədbirdə şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.