Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.
Nəzarət tədbirləri çərçivəsində sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir.
Eyni zamanda, ciddi səbəblər olmayan xitam halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulur. Sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması ilə bağlı onlara tövsiyələr verilir.
Bu sahədə işəgötürənlərlə artıq müsbət əməkdaşlıq təcrübəsi mövcuddur. Xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinin həllində sosial həmrəylik təşəbbüslərini dəstəkləyən işəgötürənlər tərəfindən bu tövsiyələr də nəzərə alınır.
Ümumilikdə, Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.