Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşmaqdadır.
Müəssisənin bu ay istifadəyə verilməsi planlaşdırılır.
Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər müasir standartlara cavab verən tibbi-reabilitasiya aparatları və avadanlıqlarla təchiz edilib. Burada il ərzində Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan 350 nəfər əlilliyi olan şəxsə stasionar, 250 nəfərə ambulator qaydada fizioterapevtik bərpa xidmətləri göstəriləcək.
Hazırda Nazirliyin Bakıdakı Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Sumqayıt, Xaçmaz, Şəki, Şirvan şəhərlərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Cari il ərzində həmin reabilitasiya müsəssisələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.