Prezident İlham Əliyevin tapşırığına əsasən ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə 37 min ödənişli ictimai işçidən əlavə, son bir həftədə əlavə 17 minədək şəxs əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub.
Beləliklə, həmin işlərdə çalışanların sayı artıq 54 minə çatıb. Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.