İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min şəxsin birdəfəlik ödəmə ilə təmin olunması üçün vəsait bank filiallarına və poçt şöbələrinə köçürüldü.
Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edir.
Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.