Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası”na əsasən, nəzarət tədbirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə həyata keçirəcəklər.
Bu sahədə fəaliyyətin əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Nəzarət sahələri üzrə preventiv və nəzarət tədbirləri həyata keçiriləcək, qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparılmaqla risk qrupları müəyyən ediləcək. Bu qruplar üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirləri ilə bağlı illik plan tərtib ediləcək. Həmçinin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatı vasitəsilə fəaliyyət istiqamətlərinə uyğun olaraq monitorinqlər keçiriləcək, aşkar olunmuş qeyri-formal məşğulluq faktları ilə bağlı məsuliyyət tədbirləri görüləcək.
Risk qrupları, preventiv və nəzarət tədbirlərinə dair tərtib olunan illik plan, habelə həyata keçirilmiş preventiv və nəzarət tədbirləri, onların nəticələri haqqında məlumatlar “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına daxil ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlaqələndirməni həyata keçirən orqan kimi, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının fəaliyyətini, habelə elektron informasiya ehtiyatı vasitəsilə birgə nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin edəcək. Nazirlik eyni zamanda, bu tədbirlər çərçivəsində görülən işlər barədə illik hesabat hazırlayacaq, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün işçi qruplar yaradacaq.
Qaydaya əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi qeyri-formal məşğulluq halları kimi müəyyən olunacaq. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilmədən, yəni vergi orqanlarında uçota durmadan, habelə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, “Ailə kəndli təsərrüfatı haqqında” Qanuna uyğun olaraq, yerli özünüidarəetmə orqanında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili də qeyri-formal məşğulluq halları hesab olunacaq. Belə halları müəyyən etməyə imkan verən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən də istifadə olunacaq.
Monitorinqlər “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiya edilmiş informasiya sistemlərində müqayisəli (çarpaz) yoxlamaların aparılması vasitəsilə təşkil olunacaq. Monitorinq nəticəsində şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrində olmadıqda və ya mövcud olan məlumatların ziddiyyətli olduğu aşkarlandıqda, qeyri-formal məşğulluğa yol vermiş şəxsə elektron informasiya ehtiyatı vasitəsilə bildiriş göndəriləcək.
Bildirişdə qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı aşkar olunmuş pozuntu və ya uyğunsuzluqlar, onların aradan qaldırılması üçün görülməli olan tədbirlər, bu tədbirlərin müddəti qeyd olunacaq. Pozuntu və uyğunsuzluqlar aradan qaldırılmadığı təqdirdə, qeyri-formal məşğulluğa yol verilməsi ilə bağlı məsuliyyət tədbirləri görüləcək.