Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Novruz bayramı ərəfəsində başlanan növbəti “DOST xonçası” aksiyası bu dəfə də geniş vüsət alıb.
Qısa müddətdə onlarla təşkilat, biznes strukturları, banklar, tanınmış şəxs, eləcə də fərdi qaydada ayrı-ayrı insanlar Novruzun bayramlaşmaq kimi nəcib adətini əks etdirən bu kampaniyaya qoşulub. Tənha ahıllarımıza, həssas qruplardan olan insanlarımıza, aztəminatlı ailələrə “DOST xonçası” ilə baş çəkərək onlarla bayramlaşanların sayı hər gün artır.
Bu da xalqımızın qədim tarixə malik mili-mənəvi dəyərlərinə, Novruz adətlərinə sıx bağlılığından, ahıl insanlara, həssas qruplara qayğıkeş münasibətindən irəli gəlir.
Aksiyaya qoşulanlar bu barədə postlarını #dostxonçası həştəqi altında paylaşmaqla, digərlərini də bu kampaniyaya qoşulmağa dəvət edirlər.
“DOST xonçası” cəmiyyətdə bir aksiya kimi deyil, artıq bir ənənə kimi qəbul olunur.