Cari ilin yanvar-fevral ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 15 minə yaxın işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub.
Nazirliyin “Məşğulluq” altsistemi vasitəsilə həmin vətəndaşlar işəgötürənlərin bu sistemə daxil etdikləri vakant iş yerləri arasından əmək bacarıqlarına uyğun iş yerlərini seçiblər. Bundan sonra onlara seçimlərinə uyğun işlərə göndərişlərin verilməsi prosesi də elektron qaydada aparılıb və onlar bu göndərişlər əsasında işlərlə təmin olunublar.
Eyni zamanda, Xidmət bu ilin əvvəlindən artıq 16 rayonda əmək yarmarkası təşkil edib. Yarmarkalarda 522 müəssisədən 4800-ə yaxın boş iş yeri təqdim olunub, 1438 nəfərə münasib işlərə göndəriş verilib. 2020-ci il ərzində ölkəmizdə 100 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub.