Qeyri-formal məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bərdə rayonunda “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.
Bildirilib ki, bütün işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi qanunla işəgötürənlərin əsas vəzifələrindən biridir. Hər bir işəgötürən qanun qarşısında bu borcunu yerinə yetirməli, bütün işçilərlə əmək müqaviləsinin bağlanmasını təmin etməli, qeyri-formal məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidir.
Tədbirdə işəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Qeyri-formal məşğulluğun mənfi nəticələri, işçilərlə əmək müqavilələri bağlanılmasının həm işəgötürən, həm də işçilər üçün faydaları diqqətə çatdırılıb.
Qeyd olunub ki, əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş müvafiq bildirişin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.