Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyində Yeni Azərbaycan Partiyasının (YAP) S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclası keçirilib.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri Anar Əliyev, YAP Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov iştirak ediblər.
A.Əliyev ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan YAP-ın Ulu öndərimizin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərdiyini vurğulayıb.
O bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbəri olduğu YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni möhtəşəm nailiyyətlər əldə etməsinə dəyərli töhfələrini verir. Hazırda Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan YAP-nın cəmiyyətdə böyük nüfuzunun göstəricisidir ki, Partiyaya üzv olanların sayı artıq 800 mindən çoxdur.
A.Əliyev YAP-ın S.Əsgərova 85 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ərazi ilk partiya təşkilatının fəaliyyətini də qeyd edib. Bildirib ki, ərazi ilk partiya təşkilatı Partiyanın ümdə prinsiplərinə uyğun quraraq, fəaliyyətini daim gücləndirir. Hazırda nazirlik sistemində çalışanlardan 5700-ə yaxını Partiyanın üzvüdür, onlardan 458-i YAP Yasamal rayon təşkilatında qeydiyyatdadır. Eyni zamanda, yeni yaranan qurum olmasına baxmayaraq, nazirlik yanında DOST Agentliyi üzrə də əməkdaşlardan demək olar ki, yarısı – 116-sı YAP üzvüdür.
Nazir müavini deyib ki, bu günkü iclasın gündəliyində də əsas məsələ DOST Agentliyinin daha 28 əməkdaşının müraciəti əsasında onlara Partiyanın üzvlük vəsiqələrinin təqdim edilməsidir.
T.Əhmədov Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu, dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması istiqamətində Partiyanın göstərdiyi xidmətlərdən bəhs edib.
Sonra üzvlük vəsiqələri təqdim edilib.