Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı S.Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə sahəsində aparılan islahatlar, aktiv sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, yeni DOST mərkəzlərinin, reabilitasiya müəssisələrinin yaradılması, sosial təminat sisteminin innovativ əsasda təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara məlumat verib. Nazir, eyni zamanda, sosial layihələrin, eləcə də ünvanlı sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması, ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi üçün müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.
Vətəndaşlar qəbul zamanı məşğulluq, özünüməşğulluq proqramı və peşə hazırlığına cəlb edilmə, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, sosial təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciətlə bağlı müvafiq tədbirlər görülüb. Bir sıra vətəndaşların işlə təminatı məqsədilə onlara vakant iş yerlərinə göndərişlər verilib, eləcə də ödənişli ictimai işlərə cəlb edilmələri tapşırılıb.
Habelə ayrı-ayrı vətəndaşların özünüməşğulluq proqramına, peşə hazırlığına, sosial xidmətlərə cəlb edilmələri üçün müvafiq işlərin aparılması qərara alınıb. Əlilliyin qiymətləndirilməsi, sosial təminat və s. ilə bağlı müraciətlərdə qaldırılan bəzi məsələlər araşdırılması üçün qeydiyyyata götürülüb.
S.Babayev Hacıqabul rayonunda özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb, proqram çərçivəsində onlar üçün yaradılmış kiçik müəssisələrə (istixana, qapı-pəncərə sexi, şirniyyat sexi və s.) baxış keçirib. Proqram iştirakçıları kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bu imkandan səmərəli istifadə edərək müəssisələrini inkişaf etdirmək əzmində olduqlarını bildiriblər.
Son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayonunda 133 aztəminatlı ailəyə lazımi mal və materiallar verilməklə onlar üçün kiçik müəssisələr yaradılıb. Eyni zamanda, rayonda ötən il 1000-ə yaxın şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən münasib işlə təmin edilib, “İşsizin DOSTu” proqramı çərçivəsində rayonda 350 işsiz və işaxtaran şəxsin isə ödənişli ictimai işlə təminatı həyata keçirilib.
Bu gün həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Şirvan şəhərində vətəndaşları fərdi qaydada qəbul ediblər.