Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşəyönümü tədbiri çərçivəsində 254 saylı orta məktəbin şagirdləri üçün istehsalat sahəsinə ekskursiya təşkil edilib.
Şagirdlər “Xəzri TN” MMC çörək zavodunda istehsalın bütün mərhələləri, həmçinin zavodun laboratoriyası ilə tanış olublar. Onlar müəssisədəki peşələr, buradakı iş prosesi haqqında geniş məlumat əldə ediblər.
Peşəyönümü tədbirləri gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi, əmək bazarında olan peşələr, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə onların məlumatlandırılması məqsədi daşıyır. Belə tədbirlərin il ərzində digər məktəblərin şagirdləri üçün də təşkil olunması planlaşdırılır.