Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar şəhidlərinin ailə üzvlərinin bir qrupu ilə görüş olub.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident cənab İlham Əliyevin güclü sosial siyasəti nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl şəkildə atılan mühüm addımları qeyd edib. O, həssas qruplara, o cümlədən 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar əlillərinə dövlət qayğısının artırılması sahəsində görülən işləri diqqətə çatdırıb.
Bu kateqoriyalardan olan vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması, mənzil və minik avtomobilləri ilə təminatı, eləcə də onların rifahına dəstək göstərilməsi məqsədilə digər sahələrdə aparılan işlərdən bəhs olunub.
Görüşdə şəhid ailələrinin fikir və təklifləri dinlənilib, onların qaldırdıqları məsələlər qeydə alınıb. 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.