Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu il işlə təmin olunanarın sayının 30 faiz artırılmaqla 130 minə çatdırılması, peşə hazırlığına cəlb olunanların sayının 40 faizdən çox artırılmaqla 5 minə çatdırılması nəzərdə tutulur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.
Nazir bildirib ki, bununla bərabər, 2020-ci ildə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub. Bu sahədə Dünya Bankı ilə də əməkdaşlıq həyata keçiriləcək.
S.Babayev deyib ki, ödənişli ictimai işlərlə təminat proqramı da genişlənəcək. Ümumilikdə, bu il 12 minədək ailənin özünüməşğulluq proqramına, 64 min nəfərin də ödənişli ictimai işlərə cəlb edilməsi təmin olunacaq.
Beləliklə, bu ilki hədəf nazirliyin məşğulluq orqanları tərəfindən 200 mindən çox şəxsin məşğulluğuna dəstək göstərməkdir.