Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri günü münasibətilə tədbir keçirilib.
Sabunçu rayon İH, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və YAP Sabunçu rayon təşkilatı ilə birgə təşkil olunan tədbirdə dövlət gənclər siyasətindən bəhs olunub. Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq gənclərə diqqət və qayğının artırılması, onların inkişafı sahəsində aparılan işlər qeyd edilib. Eyni zamanda, sağlamlıq imkanları məhdud gənclərin qayğı ilə əhatə olunması, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Qeyd edilib ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi 2019-cu ildə 227 nəfər gənc mərkəzə qəbul olunub, əvvəlki 2018-ci ildən təlimi davam etdirən 78 nəfər də daxil olmaqla il ərzində 305 nəfər peşə reabilitasiya kursunda olub. Gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə də təmin olunurlar.
Tədbirdə sağlamlıq imkanları məhdud gənclər arasında nərd və şahmat üzrə yarışlar keçirilib. Yarışlarda qalib gələn gənclər və peşə öyrənən bacarıqlı gənclər mükafatlandırılıb. Tədbir mərkəzin gənclərinin iştirakı ilə musiqili proqlamla davam edib.