Qeyri-formal məşğulluğun qarşısının alınması və əmək müqaviləsi ilə çalışmağın faydaları barədə maarifləndirmə işləri Masallı rayonunda davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həmin rayonda işçi və işəgötürənlərin iştirakı ilə təşkil etdiyi tədbirdə qeyri-formal məşğulluğun mənfi nəticələrindən bəhs olunub. Vurğulanıb ki, əmək münasibətlərinin qeyri-formal xarakter daşıması işçiləri əmək və gələcək sosial müdafiə hüquqlarından məhrum edir. Belə hallar eyni zamanda, əmək məhsuldarlığına, keyfiyyətli məhsul istehsalına ziyan vurur.
Tədbirdə “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda da iştirakçılara ətraflı məlumatlar verilib. Əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalardan, əmək haqqının verilmə yeri və forması, ödənilmə vahidindən bəhs edilib.