Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təsdiqlənmiş “2020-ci il üçün əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu il nazirliyin həyata keçirəcəyi tədbirlər müəyyən olunub.
Onların sırasına əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması və müalicəsinə köməklik göstərilməsi, bu kateqoriyalardan olanlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının, onlara maddi yardımın təşkil edilməsi daxildir. Proqramda həmin şəxslərin yaradıcılıq və idman tədbirlərinin təşkili, beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, Milli Qəhrəmanların tanıdılması kampaniyasının davam etdirilməsi və s. də yer tutur.
Sənədə əsasən, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə bu il də onların istirahət zonalarına göndərilməsi, sosial xidmət müəssisələrinə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Proqramda cari ildə əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə ümumrespublika yarışlarının təşkili, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması ilə bağlı layihələrin dəstəklənməsi və s. də yer alıb. Bu layihələrə sağlamlıq imkanları məhdud uşaqların xüsusi proqramlarla idman, incəsənət və xalq sənəti növlərini öyrənmələrinə yardım edilməsi, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və s. daxildir.