2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 9682 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 1069 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 2052 əlil arabası, 1732 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1386 aşağı və yuxarı ətraf ortezi, 9395 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 554 korset, 2830 cüt protez ayaqqabı, 4192 cüt ortopedik ayaqqabı, 518 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 3203 qoltuqaltı və dirsəkaltı ağac, 2693 ədəd əsa, 678 eşitmə aparatı və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ildə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 38 041 reabilitasiya vasitəsi verilib, 745 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Mərkəz tərəfindən ötən il səyyar xidmətlər kimi, 1124 nəfər əlilliyi olan şəxsə 4821 reabilitasiya vasitəsi yaşadıqları şəhər və rayonlara aparılaraq təqdim edilib.