Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupun 2019-cu il üçün Fəaliyyət planının 4-cü rüb üzrə hesabatı müzakirə olunub. “Doing Business 2020” hesabatında, “Qlobal Rəqabətlilik 2019” hesabatında və “Qlobal İnnovasiyalar İndeksi 2019” hesabatında işçi qrupuna aid indikatorlar üzrə qiymətləndirmənin nəticələri nəzərdən keçirilib.
İclasda 2019-cu ildə icra olunan aktiv məşğulluq proqramlarının nəticələri, yeni “Məşğulluq” altsisteminin üstünlükləri, məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsində faydaları diqqətə çatdırılıb.
Gəncə şəhərində istifadəyə verilən Peşə Tədrisi Mərkəzi barədə məlumat verilib. Qeyd edilib ki, mərkəzdə Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə peşə hazırlığı təşkil ediləcək. İl ərzində isə 900 nəfər Mərkəzdə peşə hazırlığı kursu keçəcək.
İşçi qrup tərəfindən 2020-ci ildə gələcək işlər barədə müzakirələr aparılıb.