Prezident İlham Əliyevin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli Fərmanı ölkəmizdə vətəndaş rifahının təminatına xidmət inqilabi islahatlarla yanaşı, məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində böyük struktur islahatı prosesinin də həyata keçirildiyinin növbəti əyani təsdiqidir.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsləri yaradıldı. Eyni zamanda, Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin yaradılması təmin edildi.
Sənədə əsasən, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti də yaradılır. Fərmana əsasən, həmin publik hüquqi şəxslərin nizamnamələrinin layihələri, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflər üç ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Bununla bərabər, Fərmanda Nazirliyə onun tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri açıldıqca Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı qorunmaqla, regional əsaslarla qurulmasını təmin etmək tapşırılır.
Fərmanla, Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə veriləcək. Həmçinin sənədə əsasən, Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları günədək Nazirlik yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirəcəklər.
Dövlət başçısının yeni Fərmanı ilə Nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində optimal və effektiv, müasir tələblərə uyğun idarəçiliyin formalaşdırılması, bu sahələrdə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədinə doğru mühüm struktur islahatlarının uğurlu davamıdır.