Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Salyan rayonunda “Əməyin mühafizəsi, normaları, qaydaları və prinsipləri” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib.
İşəgötürənlərin və işçilərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, əmək müqaviləsində işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Hər hansı işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən göstərilən normativ aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələbi nəzərə alınmalıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.
Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb. Həmçinin işəgötürənlərə “Məşğulluq” altsistemi barədə geniş məlumat verilib.
Qeyd edək ki, 2019-cu ildə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakıda və respublikamızın bölgələrində əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı 60 maarifləndirmə tədbiri keçirilib.