Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə məcburi köçkünlər üçün növbəti əmək yarmarkası Bakının Xəzər rayonunun Kürdəxanı qəsəbəsində keçirilib.
Şuşa rayonundan olan məcburi köçkünlər üçün təşkil edilən yarmarkada 32 müəssisədən 253 vakant iş yeri təqdim olunub.
Əmək yarmarkasının keçirilməsində məqsəd məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.
Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.