Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb.
Ümummilli lider Heydər Əliyev xalqın sosial rifah səviyyəsinin yaxşılaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsi sisteminin yaradılmasını daim diqqət mərkəzində saxlayıb. Onun sosial sahəyə xüsusi qayğısı nəticəsində müstəqilliyin ilk illərindən respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, müasir tələblərə uyğun sosial müdafiə sisteminin formalaşdırılması məqsədilə köklü islahatlara başlanılması, sosial sahədə mütərəqqi beynəlxalq yanaşmalara uyğun qanunvericiliyin yaradılması istiqamətində mühüm tarixi addımlar atılıb. Eyni zamanda, MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, Demoqrafik İnkişaf Konsepsiyası qəbul edilib. Məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin olunub. Məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə hələ 1990-cı illərdə əhalinin rifah halının yaxşılşadılmasına yönələn mühüm sosial proqramlara başlanılmaqla bu proqramlar sonralar ildən-ilə genişlənib.
1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilərək, ölkəmizdə güclü sosial siyasətin formalaşdırılmasına nail olunub.
Ümummili liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan sabit və uzunmüddətli tərəqqi yolunda tarixi nailiyyətlərə imza atır.
Respublikamızda dinamik inkişaf sosial inkişaf istiqamətində ardıcıl xarakter alan mühüm irəlilləyişlərlə müşahidə olunur. Təkcə bu il dövlət başçısının uğurlu sosial islahat paketləri sosial sahədə mühüm addımların atılmasını təmin edərək 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub.