Bakıda keçirilən, İT məhsul və xidmətlərin nümayiş olunduğu “Bakutel” sərgisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi də iştirak edir.
Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə reallaşan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsi ölkəmizin innovativ layihələrindən biri kimi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.
3-6 dekabr tarixlərini əhatə edən sərgidə Mərkəz vətəndaşlara qeydiyyat prinsipi olmadan xidmətlər təqdim edir.
Cari ilin may ayında açılışı olan DOST Mərkəzi ötən dövrdə 55 min vətəndaşa xidmət göstərib, vətəndaş məmnunluğu səviyyəsi isə 95%-dən çoxdur. 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin yaradılması planlaşdırılır.
“Bakutel” sərgisində DOST Mərkəzi ilə bərabər, sosial sahədə xidmətlərin proaktivliyini təmin edən “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, “e-pensiya”, “e-müavinət” sistemləri və s. kimi mühüm nailiyyətlər də təqdim edilir. İştirakçılar sərgi zamanı “E-sosial” internet portalından, “Məşğulluq” altsistemindən və digər nailiyyətlərdən yararlana bilirlər.
DOST Agentliyinin sərgidə nümayiş olunan stendinin daha bir üstünlüyü iştirakçıların sosial hüquqları barədə arayışları elektron şəkildə əldə edə bilməsidir. Bu məqsədlə “e-Arayış” adı altında elektron köşk quraşdırılıb.
Bununla yanaşı, innovativ yeniliklərə aid video-roliklər, iştirakçılara əmək, məşğulluq, özünüməşğulluq proqramı, sosial təminat, əlillik, reabilitasiya, övladlığagötürmə və s. üzrə xidmətlərə dair bukletlər də təqdim edilir.