Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə şəhərində “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirilən maarifləndirici tədbir keçirib.
Tədbirda əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib.
Həmçinin orta əmək haqqı və onun hesablanması qaydasından, əməyin ödənilməsinin təminatlarından bəhs olunub. Müəssisənin ləğv edildiyi hallarda işçilərin əmək haqqının, sosial müdafiə xarakterli ödəmələrin, o cümlədən istifadə etmədikləri məzuniyyətə görə pul əvəzinin ödənilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbləri qeyd edilib. Əmək haqqından tutulmalara yol verilən hallar haqqında da danışılıb.
Tədbir zamanı qeyri-formal məşğulluğun sosial-iqtisadi inkişaf üçün mənfi nəticələrindən bəhs olunub. Qeyd edilib ki, əmək münasibətlərinin qeyri-rəsmi xarakter daşıması işçilərin gələcək sosial müdafiə hüquqlarına malik olmasına maneə yaradır. Qanunvericiliyə əsasən hər bir işəgötürənin işçilərlə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalı olduğu vurğulanıb. İşəgötürənlərin sualları da cavablandırılıb.