Cari il noyabrın əvvəlindən Bakıda əlilliyi olan şəxslər üçün onların sosial inteqrasiyasına dəstək və cəmiyyətdə inklüzivliyi təşviq etmək məqsədi daşıyan incəsənət məktəbi fəaliyyət göstərir.
Məktəb BMT İnkişaf Proqramının, BMT Əhali Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılıb.
Məktəbə cəlb olunanlar əsasən sağlamlıq imkanları məhdud gənclərdir. Burada onlara incəsənətin müxtəlif növləri üzrə dərslər, o cümlədən rəsm, ağac üzərində oyma və s. dərslər keçirilir, yaradıcılıq qabiliyyətləri inkişaf etdirilir. Bu məqsədlə məktəbdə təcrübəli müəllimlər çalışır. Layihə çərçivəsində əlilliyi olan şəxslər dərslər üçün lazımi ləvazimatlarla da təmin edilirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri bu günlərdə incəsənət məktəbində olub, burada aparılan işlərə baxış keçiriblər. Məktəbdə əlilliyi olan şəxslərlə görüş zamanı burada hazırlanan əl işlərinin gələcəkdə sərgi və satış yarmarkalarının da təşkil ediləcəyi bildirilib.