Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının üzvləri ilə keçirilib.
Görüşdə Prezident İlham Əliyevin həssas qruplara xüsusi qayğısından, dövlət başçısının uğurlu sosial siyasətinin növbəti təzahürü kimi cari ildə sosial sahədə atılan inqilabi addımlardan bəhs olunub. Bu ilin ötən dövründə minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığı, nəticə etibarilə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək göstərildiyi vurğulanıb.
Həmçinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına yönələn ödənişlərin də ciddi şəkildə artırıldığı, müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün təsis edildiyi bildirilib. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı, müharibə əlillərinə avtomobillərin verilməsi işlərinin ildən-ilə gücləndirildiyi diqqətə çatdırılıb.Ölkəmizdə aparılan sosial islahatlar, sosial ödənişlərdə edilən ardıcıl artımlar barədə iştirakçılara ətraflı məlumatlar verilib.
Müharibə əlilləri və veteranları, şəhid ailələri onlara göstərilən xüsusi qayğıya, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Fondun əməkdaşları müharibə əlilləri və veteranlarının, şəhid ailələrinin suallarını da cavablandırıb, onları maraqlandıran məsələlərlə bağlı dolğun izahatlar veriblər.