“İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://sosial.gov.az/list-of-persons-involved-in-social-work) yerləşdirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən proqram və cəlb edilən əməkdaşlarla bağlı bütün məlumatlara çıxış imkanları genişləndirilib.
Artıq hər kəs sayta daxil olaraq proqram çərçivəsində ictimai işlərlə təmin olunan şəxslərin adlı siyahısı ilə tanış ola bilər. Bu addım proqramın icrası zamanı ictimai açıqlıq prinsipinin təmin olunması üçün atılıb.
Məlumat üçün bildirək ki, “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s. daxildir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.