“Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.”
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Nizami rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə keçirdiyi növbəti tədbirində məlumat verilib.
Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün də birgə müzakirələr aparılıb. Bildirilib ki, qeyri-rəsmi məşğulluq iqtisadiyyata, vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurmaqla yanaşı, işçilərin əmək və sosial müdafiə hüquqlarından məhrum olması ilə nəticələnir. Hər bir işəgötürən bunu nəzərə alaraq, bütün işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin etməli və qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması kimi vacib prosesə öz töhfələrini verməlidirlər.
Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.