Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində “Məcburi əməyin və insan alverinin qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
Tədbirdə bildirilib ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluq barədə çıxışlar olub. Bildirilib ki, məşğulluğun bu növü əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.