Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq sentyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Xaçmaz rayonunda və Mətin Kərimli Qusar rayonunda vətəndaşlarla görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla bilərlər.