Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Ağstafa rayonunda həmin rayonun və Qazax rayonunun sakinlərini fərdi qaydada qəbul edib.
M.Kərimli əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə vətəndaşları məlumatlandırıb. Qəbul zamanı vətəndaşlar sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb edilmə və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib. Bir sıra müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görülməsi tapşırılıb. Eləcə də vətəndaşlardan bir qisminin müraciətlərinə əsasən onlara münasib iş yerlərinə göndərişlər verilib.
Ayrı-ayrı vətəndaşlar özünüməşğulluq proqramına, peşə hazırlığına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.