“Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın fəaliyyətində əsas prinsip iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların reallaşdırılmasıdır. Eyni zamanda, iqtisadi əməkdaşlıqla paralel olaraq, sosial sahədə islahatlar prosesində iki ölkənin aidiyyəti qurumlarının məlumat və təcrübə mübadilələri tərəflər üçün çox faydalı ola bilər.
Bunu qeyd edilən Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Sederkenyi ilə nazirlikdə keçirilən görüşdə vurğulayıb.
Nazir ötən dövrdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyini deyib. O, 2014-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana uğurlu səfərinin və həmin səfər zamanı imzalanmış sənədlərin önəmindən bəhs edib. Bu sənədlərdən xüsusilə “Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında əməkdaşlığın strateji səviyyəyə çatmasında mühüm əhəmiyyətini qeyd edib.
S.Babayev ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əlaqələrin davam etdiyini deyib. O, qarşıdakı dövrdə bu əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması baxımından biznes forumların, ticarət missiyalarının təşkilinin, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın önəmindən bəhs edib, bu kimi tədbirlərin müsbət nəticələr verəcəyinə əminlk ifadə edib.
İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının gələcək fəaliyyətindən bəhs edən nazir birgə aparılacaq işlərin əməkdaşlığın daha da inkişaf etməsində öz rolunu oynayacağını vurğulayıb. S.Babayev Azərbaycanda əmək, məşğulluq, sosial təminat, tibbi-sosial reabilitasiya, əmək bazarının tənzimlənməsi və inklüziv əmək bazarının inkişafı, həssas qruplardan olanların əmək bazarına və kiçik biznesə çıxışının dəstəklənməsi sahələrində aparılan islahatlar, ölkəmizdə icra olunan DOST layihəsi barədə məlumat verib. O, sosial islahatlar prosesində də Macarıstanla geniş əməkdaşlıq imkanlarının olduğunu deyib.
V.Sederkenyi Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olmasından, iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib. O, iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətini qeyd edib,
əlaqələrin geniş miqyas alması sahəsində yeni irəliləyşlərə nail olunacağına ümidvar olduğunu, bu sahədə səfirlik tərəfindən də müvafiq səylərin daim güclənəcəyini qeyd edib.
Görüşdə Azərbaycan və Macarıstan arasında sosial-iqtisadi əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.