Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin xidmətlərindən artıq 22 mindən çox vətəndaş faydalanıb.
Vətəndaşların müraciətlərinə uyğun olaraq, məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlər göstərilib.
Xidmətlərin göstərilməsi prosesi vətəndaş məmnunluğu prinsipinə uyğun qurulub. Mərkəzə gələn vətəndaşa xidmətdən yararlandıqdan sonra masadan ayrılmadan xidmətdən nə dərəcədə razı qalıb-qalmadığı barədə rəyini bildirmək təklif edilir. Rəyini elektron sistemə daxil edir. Bundan başqa, mərkəzin çıxışında da könüllülər vətəndaşlara yaxınlaşaraq sorğuda iştirak etməyi təklif edirlər. “Göstərilən xidmətdən nə dərəcədə razı qaldınız?” sualına aşağıdakı cavab variantları təklif olunur: 1.Razı qaldım; 2. Qismən razı qaldım; 3.Razı qalmadım; 4.Bilmirəm.
Vətəndaşların məmnunluq səviyyəsi mərkəzin Təhlil və statistika departamenti tərəfindən həmin cavablara və Çağrı mərkəzinə əsasən hesablanır.
Bu günə olan məlumata əsasən, vətəndaşların DOST mərkəzindən tam məmnunluq səviyyəsi 93 faizi keçib, xidmətlərdən qismən məmnun vətəndaşlar isə 4 faiz təşkil edir.