“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təşkil edilən növbəti təlim nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təlimçi əməkdaşları üçün təşkil edilib.
Məqsəd dövlət məşğulluq xidmətlərinin daha innovativ və müasir səviyyədə təşkili sahəsində aparılan işlərin dəstəklənməsi olub. Bakı şəhərində və Göyçay rayonunda təşkil edilən 3 günlük təlimdə 11 əməkdaş iştirak edib. Beynəlxalq ekspertlər tərəfindən onlara müvafiq sahədə təlimçi kimi peşəkarlıq səviyyələrinin artırılması üçün bilik və bacarıqlar, yeni təlim metodologiyaları öyrədilib.
Təlimin sonunda iştirakçılara sertikatlar təqdim edilib. Onlar işaxtaranlar və işəgötürənlərlə işləyən yerli məşğulluq mərkəzlərinin digər əməkdaşlarına yüksək xidmət göstərmək üçün zəruri bilik və bacarıqları tədris edə biləcəklər.