Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarına dəyişiklik edilməsi barədə” layihə hazırlanıb.
Layihə əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən rahat istifadəsi və səmərəli şəkildə faydalanması üçün bərabər şərtlərin, imkanların yaradılması, rəsmi internet informasiya ehtiyatlarının bu kateqoriyadan olan şəxslər üçün müyəssərliyinin təmin olunması məqsədinə xidmət edir. Bu məqsədlə Layihədə bir sıra tələblər yer alır.
Tələblərdə bildirilir ki, əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının beynəlxalq standarta uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatında mətn olmayan kontent üçün mətn alternativləri, audio və video kontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir. Zamanın tənzimlənməsi funksiyası yaradılmalı, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməlidir. Proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməli, internet informasiya ehtiyatında maksimum oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır. Kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi brauzerləri, yardımçı texnologiyalar ilə maksimal uyğunluğu da təmin edilməlidir.
Əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi üçün lazımi imkanların yaradılması onların dövlət orqanları ilə qarşılıqlı əlaqəsinə, sosial inteqrasiyasına mühüm dəstək olacaq. Bu, eyni zamanda, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əlilliyi olan şəxslərin əsas hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı prinsipə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müvafiq maddəyə uyğunluq təşkil edir.
Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməsi barədə layihə hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılma mərhələsindədir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında artıq bu imkanlar təmin edilib. Saytın əlilliyi olan şəxslər üçün müyəssərliyinin daha da təkmilləşdirilməsi üçün müvafiq texniki işlər həyata keçirilməkdədir.