Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb. Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) sədri Məhəmməd Abdullayev imzalayıblar.
Tədbirdə ötən il layihə çərçivəsində görülən işlərə, yaradılan təsərrüfatlara dair videoçarx nümayiş olunub.
A.Əliyev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə iqtisadi inkişafın nəticələrinin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsində real ifadəsini tapır.
Nazir müavini bildirib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər, 1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini çəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin cəlb olunması nəzərdə tutulub.
A.Əliyev özünüməşğulluq proqramının genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına RİİB-in fəal dəstək verdiyini vurğulayıb. Qeyd edib ki, nazirliklə RİİB arasında imzalanmış memorandum çərçivəsində 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s) 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib. Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim kursları təşkil edilib.
Layihənin artıq ikinci mərhələsinə başlandığını deyən nazir müavini bildirib ki, yeni mərhələdə bu il daha 250 aztəminatlı ailə üçün bağ və bostançılıq təsərrüfatları yaradılacaq. Bununla onların kiçik sahibkarlığa çıxışı dəstəklənəcək, həmçinin qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstək göstəriləcək.
M.Abdullayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun icra etdiyi layihələrin ölkəmizin inkişafı proseslərinə ardıcıl dəstək olduğunu bildirib. O, bu layihələrin bir istiqamətinin də sosial sahədə aparılan islahatlara, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşıdığını vurğulayıb. RİİB-in fəaliyyəti barədə məlumat verən M.Abdullayev nazirliklə birgə reallaşan “Sosial bağlar” layihəsinin bu il də uğurla icra olunacağına əminliyini ifadə edib.
Digər çıxış edənlər “Sosial bağlar” layihəsinin sosial-iqtisadi əhəmiyyətini, qeyri-neft sektorunun inkişafında, aztəminatlı ailələrin kiçik ailə biznesinin qurulmasında vacibliyini vurğulayıblar.
“Sosial bağlar” layihəsinin birinci mərhələsinin iştirakçıları isə bu layihənin onların öz bağ təsərrüfatlarını qurmalarına, özünüməşğulluqlarına, kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə səbəb olduğunu vurğulayıblar.
Memoranduma əsasən layihə üzrə ötən illə müqayisədə iki dəfə çox olmaqla, bu il 250 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Nazirlik layihə iştirakçılarının seçimi, onlar üçün təlimlərin təşkili, biznes planlarını müdafiə edənlərin aktivlərlə təmin olunması və s. aidiyyəti işləri yerinə yetirəcək.
“Regional İnkişaf” İctimai Birliyi isə iştirakçıların seçimi, onların biznesə başlamaları və təsərrüfatları idarə etmələrinə, təsərrüfatlara aqrotexniki qulluq göstərmələrinə və s. dəstək göstərəcək. Həmçinin təsərrüfat növünün seçilməsi, təsərrüfatların yaradılmasına və istehsal olunan məhsulların satışına (marketinqinə) köməklik göstərilməsi üzrə məsləhətlər, iştirakçıların təsərrüfatlardan əldə edəcəyi gəlirlərin istehsalın inkişafına yönəldilməsi mexanizminə dair təkliflər veriləcək.