Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında dostluq münasibətləri müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafına şərait yaradıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində də qarşılıqlı fayda verən uğurlu əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri xanım Hessa Buhumaid ilə nazirlikdə keçirilən görüşdə qeyd edib. Nazir ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlər, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlar barədə məlumat verib.
O, milli sosial təminat sisteminin innovativ yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında təkmilləşdirilməsi, əhaliyə “bir pəncərə”dən, habelə proaktiv xidmətlərin təşkili, DOST layihəsinin reallaşdırılması sahələrində aparılan islahatları diqqətə çatdırıb. Aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, aztəminatlı ailələrin kiçik biznesə çıxışına dəstək olan özünüməşğulluq proqramı barədə məlumat verib.
İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzindən bəhs edən S.Babayev həmin Mərkəzin Təşkilata üzv ölkələr, eləcə də Azərbaycan və BƏƏ arasında layiqli əməyin təminatı, məşğulluq, əmək bazarı proqramlarının genişləndirilməsi, sosial müdafiə, sosial tərəfdaşlığın gücləndirilməsi və s. sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.
Xanım H.Buhumaid BƏƏ-nin Azərbaycanla əlaqələrinin dost münasibətləri əsasında inkişafının məmnunluq doğurduğunu deyib. O, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq gündəliyinin daim genişlənməkdə olduğunu, sosial sahədə də fəal əməkdaşlığın qurulmasının, təcrübə və məlumat mübadilələrinin aparılmasının önəmli ola biləcəyini vurğulayıb.
Görüşdə iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair müzakirələrlə davam edib.