Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvlərinin, digər bir sıra QHT-lərin nümayəndələrinin iştirakı ilə “Sosial islahatların həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda ictimai müzakirə keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının uğurları barədə məlumat verib. O, cari ilin ilk rübündə və bu günlərdə reallaşdırılan iki sosial paket nəticəsində minimum əmək haqqının təqribən iki dəfəyə yaxın artırılaraq 250 manata, pensiyanın minimum məbləğinin 72,4 faiz artırılaraq 200 manata çatdırıldığını, həmçinin bu il sosial müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artımlar edildiyini deyib.
Bildirib ki, bu ilin ilk rübündə icra olunan ilk sosial paket 3 milyondan çox insanın rifahına ciddi dəstək oldu. Son günlər reallaşan sosial paket isə ümumilikdə 2,1 milyon vətəndaşın, o cümlədən 1 milyon 350 min vətəndaşın əməkhaqqı formasında, 750 min vətəndaşın pensiya formasında gəlirlərinin ciddi şəkildə artımını şərtləndirir.
Qeyd olunan artımlar barədə ətraflı məlumat verən M.Abbasbəyli əmək, məşğulluq, sosial müdafiə sahələrində əhaliyə xidmətlərin təkmilləşdirilməsi, innovativ texnologiyalar üzərində müasir, şəffaf iş və xidmət mexanizmlərinin tətbiqi istiqamətində aparılan islahatlar barədə də məlumat verib. O bu islahatlarda vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa da xüsusi önəm verildiyini qeyd edib.
Nazirlik yanında İctimai Şuranın sədri Ümid Mirzəyev ölkəmizdə sosial sahədə ardıcıl şəkildə aparılan və inqilabi xarakter daşıyan islahatların, əməkhaqqı, pensiya və müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasının əhalinin rifah halının yaxşılaşdırılmasına mühüm dəstək olduğunu vurğulayıb. Ü.Mirzəyev və çıxış edən digər QHT rəhbərləri bildiriblər ki, sosial sahədə mühüm nailiyyətlərə imkan verən islahatlar Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Tədbir müasir dövrdə ölkəmizin sosial həyatında davamlı şəkildə həyata keçirilən islahatlara dair ictimai müzakirə şəraitində davam edib.