15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gündür.
1993-cü ilin 15 İyununda dünya şöhrətli siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanlın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.
Milli iqtisadiyyat dirçəldildi, sosial sahədə gerilik və ətalət aradan qalxdı. Respublikada planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurlu keçid prosesi təmin olunmaqla, köklü istisadi islahatlar şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi Ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində aparıcı istiqamət olmuşdur. Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımların atılması, sosial siyasət kursunun etibarlı əsası formalaşması təmin edildi.
“Hamımızın məqsədi insanların rifah halını yaxşılaşdırmaq, insanların gündəlik tələbatını ödəmək, insanlara yaxşı həyat tərzi yaratmaqdan ibarətdir” - deyə bəyan edən Ümummilli lider Heydər Əliyevin tapşırığı və qayğısı nəticəsində müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatına başlandı. MDB-də ilk dəfə olaraq 1999-cu ildə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi və Demoqrafik İnkişaf Konsepsiyası, 2001-ci ildə “Məşğulluq haqqında” Qanun, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı qəbul olundu.
Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 2003-cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda mühüm tarixi nailiyyətlərə, parlaq qələbələrə imza atıb və ötən dövr Azərbaycanın yeni və şərəfli bir inkişaf mərhələsidir. 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatını dünya miqyasında rekord templərlə inkişaf etdirərək, ümumi daxili məhsulunu 3,3 dəfə, o cümlədən sənaye istehsalını 2,6 dəfə, ixracını 4,7 dəfə, valyuta ehtiyatlarını 24 dəfə artırıb.
Ölkəmizdə biznes-investisya mühitinin yaxşılaşdırılması, xarici sərmayədarlar üçün cəlbedici, əlverişli investisiya mühitinin formalaşdırılması milli iqtisadiyyata yarısı xarici sərmayədən ibarət olmaqla təqribən 250 milyard dollar sərmayə yatırılması ilə nəticələnib. Əgər Azərbaycan 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə idisə, ölkədə aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması bu gün Azərbaycanın həmin hesabatda 25-ci yerə yükəslməsinə və ən islahatçı 10 ölkə sırasına daxil olmasına imkan verib. Azərbaycan 2010-cu ildən Yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib, dünyada yoxsulluğun 5 faizədək endirilməsinə nail olan 29 ölkədən, Minilliyin İnkişaf Məqsədləri üzrə yoxsulluğu yarıyadək azaldan 18 ölkədən biridir. 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi uğurlara görə ölkəmiz "Cənub-Cənub” mükafatına layiq görülüb.
Cənubi Qafqazın güc mərkəzinə çevrilən, əhali sayı sabit şəkildə artaraq 10 milyonu ötən Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir.
Prezident cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkəmizdə iqtisadi inkişafın nəticələrinin, qazanılan iqtisadi dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə real ifadəsini tapıb. Ötən dövrdə əmək haqlarının, pensiyaların, həssas qruplara yönələn sosial ödənişlərin dəfələrlə artırılması təmin olunub və bu gün də bu proseslər uğura davam etdirlir. Dövlət başçısının sosial islahatlar paketi təkcə bu il 3 milyon insanın rifahına mühüm dəstək olub.
Təbii ki, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Bayramınız mübarək olsun!