Yeni Sərəncamla həmin uşaqlar və digər şəxslər üçün sosial xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənəcək
Günərzi qayğı və sosial reabilitasiya, psixoloji, surdoloji xidmətlər və s. üzrə mərkəzlərin sayı xeyli artırılacaq, ayrı-ayrı qruplar üçün günərzi və reabilitasiya yönümlü yeni mərkəzlər də yaradılacaq
Bu gün, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncam qeyd olunan kateqoriyadan olan uşaqlara, həmçinin reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qruplara dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.
Ölkəmizdə sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə şərait yaradan bu Sərəncam həmçinin ayrı-ayrı əhali qruplarının da ehtiyaclarına uyğun sosial xidmətlərdən faydalanmaları üçün yeni mərkəzlərin yaradılmasına imkan verir.
Sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir. Bu siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların və qeyd olunan digər şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Nazirliyin sosial sifarişləri əsasında ölkəmizin şəhər və rayonlarında 28 günərzi qayğı mərkəzi, 22 icma əsaslı sosial reabilitasiya mərkəzi, autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 reabilitasiya və surdoloji xidmətlər mərkəzi, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Prezident cənab İlham Əliyevin imzaladığı yeni Sərəncamla “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 (beş) milyon manat ayrılması tapşırılır.
Bu isə cari ildə günərzi qayğı mərkəzlərinin sayının 58-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayının 58-ə çatdırılmasına imkan verir. Həmçinin Sərəncam autizm və daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayının 15-ə, məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin sayının 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmətlər mərkəzlərinin sayının 10-a çatdırılmasına şərait yaradır.
Sərəncamın yaratdığı imkanlar nəticəsində, eyni zamanda, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 3-ə, sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi mərkəzlərinin sayı 10-a çatdırılacaq.
Digər tərəfdən, dövlət başçısının yeni Sərəncamı ahıllar üçün də 5 günərzi mərkəzin, əlilliyi olan şəxslərə 10 peşə-sosial reabilitasiya mərkəzinin, insan alveri qurbanları üçün 3 reabilitasiya mərkəzinin yaradılmasına imkan verir. Eləcə də, Sərəncam sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili və sosial reabilitasiyası tədbirlərinin gücləndirilməsinə, bu tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə şərait yaradır.
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncam bir daha göstərir ki, xüsusi qayğıya ehtiyac duyan uşaqlara, ümumən reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyacı olan vətəndaşlara qayğının ildən-ilə artırılması, onların sosial müdafiəsi və qeyd olunan xidmətlərlə təminatının gücləndirilməsi Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın məqsədinə uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə müvafiq işlərin yüksək səviyyədə yerinə yetirilməsi təmin ediləcəkdir.