Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Məqsəd Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.6-cı bəndinə uyğun olaraq, qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından effektiv istifadə məsələlərinin müzakirə edilməsi olub.
Görüşdə qeyri-formal məşğul əhalinin formal məşğulluğa keçidində icbari tibbi sığortanın rolu və əhəmiyyətindən bəhs olunub. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı beynəlxalq təcrübədən istifadə edilməklə qanunvericilik aktlarına dəyişikliklər layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb. Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin rəhbəri Elnur Süleymanov ölkədə qeyri-formal məşğulluqla mübarizə ilə bağlı görülmüş işlərin müsbət nəticələrini qeyd edib. O, 2020-ci ildən respublikada tətbiq ediləcək icbari tibbi sığortanın formal məşğulluğun təşviqində mühüm rol oynayacağını bildirib. Aparılan uğurlu siyasət və islahatlar nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının mütəmadi artdığını vurğulayan E.Süleymanov icbari tibbi sığortanın tətbiqinin də bu artıma öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb.
Agentliyin nümayəndələri qeyri-formal məşğulluğun qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə məqsədilə görüləcək tədbirlərin effektli təşkili baxımından iki qurum arasında fəal əməkdaşlığın önəmini qeyd ediblər. Hər iki qurumun elektron informasiya sistemlərinin inteqrasiya edilməsi üzrə işlərin aparıldığı da bildirilib.
Görüşdə qeyri-formal məşğulluqla mübarizədə birgə tədbirlərin görülməsinə, o cümlədən qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən daha səmərəli istifadə edilməsi ilə bağlı qarşılıqlı məlumat mübadiləsinin aparılmasına dair razılıq ifadə edilib.