Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Şəki şəhərində “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək qanunvericiliyinə əsasən, işəgötürənlər əməyə görə haqqın miqdarının, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən olunmasını təmin etməlidirlər. Sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin formalaşdırılması da işəgötürənlərin vəzifələrinə daxildir.
Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin hüquqi əsaslarından da bəhs olunub. Vurğulanıb ki, Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Eyni zamanda, işəgötürən tərəfindən əmək şəraitinin şərtləri dəyişdirilərsə, bundan azı bir ay əvvəl işçi yazılı məlumat və ya əmrlə xəbərdar edilməlidir. İşçinin əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun işçilərin sosial hüquqlarının ciddi şəkildə pozulmasına, həmçinin onların sosial təminat hüquqlarından kənarda qalmalarına səbəb olduğu diqqətə çatdırılıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində işəgötürənlərin üzərinə düşən vəzifələr qeyd olunub.