Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik və əzəmətlə mənəvi kamilliyi şəxsiyyətində birləşdirən lider nümunəsi gətirən, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib. Bu mərhələlərin hər biri Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, Ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən sosial rifah amilinin də güclənməsi və etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşaiyət olunub. Ölkəmizin bütün sahələrdə uzunmüddətli inkişafına xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək, milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılıb.
Ümummilli liderimiz Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi dövründə onun dövlət idarəçiliyində təkrarsız məharəti, yüksək siyasi təşəbbüskarlığı, səy, qətiyyət və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan keçmiş İttifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr cərgəsində olan müasir sənaye ölkəsinə çevrilib. Haqlı olaraq, Azərbaycanın bir intibah dövrü kimi xarakterizə edilən həmin illərdə ölkədə iqtisadi, ictimai-mədəni və digər sahələrdə qazanılan böyük uğurlarla yanaşı, böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisənin yaradılması, xalq təsərrüfatında məşğul əhalinin sayının dəfələrlə artırılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi təmin edilib. Bu proseslər, digər tərəfdən əməkhaqlarında mütəmadi artım əhalinin rifah səviyyəsinin yüksəlməsinə imkan verib. Eyni zamanda, məhz həmin dövrdə Ulu öndərimiz respublikanın güclü iqtisadi və sosial infrastrukturunu, bütün vacib sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər ordusunu yaratmaqla Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın formalaşmasını təmin edib.
1993-cü ilin iyun ayında dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət, bir ölkə kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabiltiyin bərqərar olaraq möhkəmlənməsi şəraitində müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi.
Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, ölkədə sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. Büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda mövcud maliyyə imkanlarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst qiymətlərin tətbiqinin doğurduğu çətinliklərdən əhalinin müdafiəsinə yönəldilməsi, o cümlədən, işləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər ümummilli lider Heydər Əliyevin xalqa bağlılığını əyani təzahür etdirməklə, eyni zamanda, sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətləridən olduğunun daha bir göstəricisi idi. “Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi. Ulu öndərimizin uğurlu neft strategiyasının nailiyyəti kimi 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması respublikada iqtisadiyyatının inkişafına təkan verməklə, sosial məqsədlərin də uğurla reallaşması üçün mühüm addımların atılmasına imkan yaratdı.
Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit edilməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.
Ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının və əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əmək haqqı məbləğinin artırılması və s. kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı. “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, deyə qeyd edən Ulu öndərin təşəbbüsü və tapşırığı əsasında sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi yeni sosial təminat və reabilitasiya məqsədli proqramlara başlanılmaqla xeyli genişləndirildi.
Qısa zaman ərzində respublikada nəinki sosial sabitliyə nail olundu, eyni zamanda, 1990-cı illərdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların dövlət hesabına mənzillərlə, müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların minik avtomobilləri ilə təminatı, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərin təşkili işlərinə başlanılmaqla, bu işlər ildən-ilə gücləndirildi.
Azərbaycanda sosial dövlətin möhkəm təməlinin formalaşması həm də artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğunun kəskin şəkildə azadlılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan ümummilli liderimiz Heydər Əliyev bu mühüm sənəddən irəli gələn öhdəliklərin ökəmizdə uğurla yerinə yetirilməsi üçün uğurlu dövlət siyasətinin də formalaşmasını təmin edib. Bəyannamədə 8 qlobal məqsəddən birincisi - ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması idi. Ulu öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə yoxsulluğun azaldılmasında mühüm irəlilləyişlərə şərait yaratdı.
Ümumilikdə 1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olunması təmin edilərək, Azərbaycan tarixinin bu şərəfli dövründə güclü sosial siyasətin formalaşdırılmaqla daim gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına nail olundu. MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin davamlı tərəqqisi naminə əsası qoyulan milli inkişaf strategiyası, o cümlədən uğurlu sosial islahatlar proqramı 2003-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ulu öndərimizin “Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti” kimi qiymətləndirdiyi dövlət müstəqilliyimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə atılan mühüm addımlar, güclü iqtisadiyyatın qurulması, uğurlu xarici siyasət nəticəsində ildən-ilə güclənib.
Cənubi Qafqazın güc mərkəzinə çevrilən, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan Azərbaycan ötən dövrdə iqtisadiyyatını dünya miqyasında rekord templərlə inkişaf etdirməklə, ümumi daxili məhsulunu 3,3 dəfə, o cümlədən sənaye istehsalını 2,6 dəfə, ixracını 4,7 dəfə, valyuta ehtiyatlarını 24 dəfə artırıb.
Biznes mühitinin yaxşılaşdırılması, xarici sərmayədarlar üçün cəlbedici investisiya mühitinin yaradılması milli iqtisadiyyata yarısı xarici sərmayədən ibarət olmaqla təqribən 250 milyard dollar sərmayə qoyulması ilə nəticələnib. 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə olmuş Azərbaycan aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində bu gün həmin hesabatda 25-ci yerdədir və ən islahatçı 10 ölkə sırasındadır. 2010-cu ildən Yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilən Azərbaycan bu gün dünyada yoxsulluğun 5 faizədək endirilməsinə nail olan 29 ölkədən biridir. Həmçinin Azərbaycan Minilliyin İnkişaf Məqsədləri üzrə yoxsulluğu yarıyadək azaldan 18 ölkədən biri olub. 2015-ci ildə Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərə görə ölkəmiz “Cənub-Cənub” mükafatına layiq görülüb.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır”.
Azərbaycanın dayanıqlı inkişafı 2019-cu ildə də uğurla davam edib. Hələ 2018-ci ilin yekunları müzakirə edilərkən dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini ifadə etmişdi. Bunun əməli təsdiqi olaraq, cari ilin ilk rübündə ölkəmizdə ÜDM-in 3 faiz, o cümlədən kənd təsərrüfatında 3,6 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb, ölkə iqtisadiyyatına 2,8 milyard manat (o cümlədən qeyri-neft sektoruna 2 milyard manat) sərmayə yatırılıb.
Ötən dövrdə əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan Azərbaycan bununla özünün dayanıqlı sosial-iqtisadi tərəqqisinin demoqrafik inkişaf tendensiyası ilə tamamlandığını təsdiq edir. Ölkəmizdə doğulanların sayı da ölənlərin sayını 2 - 2,5 dəfə üstələməklə, müsbət miqrasiya saldosu da davam edir. İqtisadi və hərbi cəhətdən olduğu kimi, əhali artımı ilə də güclənən ölkəmizdə əhalinin sayının artması müqabilində yeni yaradılan iş yerlərinin sayı da 1 milyonu ötmüşdür. Bu isə Prezident cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının respublikada məşğulluq imkanalarının əmək bazarına daxil olan işçi qüvvəsinin çoxalmasına uyğun olaraq daim artırılmasına imkan yaratdığını göstərir.
Dövlətimizin başçısı “Biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun” deyə vurğulayıb. Məhz bu prinsipə uyğun olaraq “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” təsdiq edilib. Sənəd demoqrafik inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.
Prezident cənab İlham Əliyev Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edərək deyib: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Nəticədə bu gün Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkədir.
Dövlət başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividentlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. 2003-cü ildən ötən dövrdə əməkhaqlarının 7 dəfə, pensiyaların 9 dəfə, həssas qruplara yönələn sosial ödənişlərin dəfələrlə artırılması da bunu göstərir. Məşğulluq imkanlarının mütəmadi artırılması isə ölkədə işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsinə imkan verib.
Prezident cənab İlham Əliyev: “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” deyə bəyan edib və bu sözlər sosial müdafiə sahəsində bir-birini əvəz edən inqilabi addımlarda bir daha təsdiq edilir. Belə ki, dövlət başçısının sosial islahatlar paketinin nəticəsi kimi, təkcə bu ilin ilk rübü ərzində minimum əməkhaqqının və minimum pensiyanın 40 faizədək artırılması 830 min insanı, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması 300 min nəfərini əlilliyi olanlar təşkil edən 600 min insanı əhatə edib. 500 mindən çox məcburi köçkünün aylıq müavinəti 50 faiz artırılıb, 800 mindən çox vətəndaşın problemli kreditlərin həllinə nail olunub. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirlib, bir sıra kateqoriyalardan olanlara, həmçinin sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub.
Ümumilikdə dövlət başçısının bu il imzaladığı digər sənədlər 100 minlərlə insanın, cari ilin ilk rübündə isə reallaşdırılan sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək olub. Şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn təqaüdlərin əhəmiyyətli şəkildə artırılması təmin edilməklə, bu kateqoriyalardan vətəndaşların mənzillə təminatı işləri dəfələrlə gücləndirilib.
2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil, ümumilikdə indiyədək 6654 mənzil şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib, 2019-cu ildə isə bu kateqoriyalardan olanlara azı 800 mənzil veriləcək. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə 265 avtomobil, ötən dövrdə 6144 ədəd avtomobil təqdim olunub, 2019-cu ildə isə onlara nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 600-dək avtomobil veriləcək.
Prezident cənab İlham Əliyevin sosial siyasətində şəhid ailələrinə xüsusi qayğı mühüm yer tutur. Ötən il prezident seçkilərində inamlı qələbəyə nail olduqdan sonra dövlət başçısının ilk imzaladığı Fərmanın - 19 aprel 2018-ci il tarixli Fərmanın şəhid ailələri ilə bağlı olması da bunu bir daha təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cari il yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü də şəhid ailələrinə yüksək səviyyədə diqqət və qayğını ifadə edir. Həmin görüşdən sonra 28 yanvar 2019-cu il tarixli Fərman imzalanmaqla birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirilib. Mayın əvvəlinədək 6338 şəhidin 9300-ə yaxın vərəsəsinə birdəfəlik ödəniş edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya tərəfindən bu günlərdə daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib. Beləliklə, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, onlardan artıq 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 70 faizdən çox icra edilib.
Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” - DOST Agentliyinin məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, bir pəncərədən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. Agentliyin “DOST” mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə 126 xidmət göstəriləcəkdir. 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzi istifadəyə veriləcəkdir.
Hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, “DOST” mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə geniş spektrdə xidmətlərin bir pəncərədən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən unikal bir layihədir. Ona görə də “DOST” mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir.
Ötən dövrdə sosial təminat və reabilitasiya sisteminin əhatə dairəsi xeyli genişlənməklə, Bakıda və bölgələrdə yeni reabilitasiya mərkəzləri, sığınacaqlar kompleksi, sosial əhəmiyyətli digər bir sıra yeni müəssisələr yaradılaraq istifadəyə verilib. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi tikilib. Sosial xidmət üzrə çoxsaylı layihələrin icrasına başlanılıb, o cümlədən bölgələrdə 50-dək günərzi və icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb. Reabilitasiya mərkəzləri şəbəkəsi bölgələr üzrə genişləndirlib və infrastrukturu təkmilləşdirilib, Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, digər bir sıra bərpa və sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb. Cari ildə də yeni bərpa və sosial xidmət mərkəzlərinin açılışı, həmçinin ayrı-ayrı regionlarda yeni reabilitasiya müəssisələrinin tikintisinə başlanması nəzərdə tutulub.
Ölkəmizdə sosial sahənin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri, onun nəcib təşəbbüsləri, sosial əhəmiyyət kəsb edən layihələri mühüm rola malikdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun layihəsi kimi, Abşeron rayonunda iki çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunlarına təqdim edilib və yeni binaların da tikintisi aparılır.
Həmçinin Mehriban xanım Əliyevanın dəstəyi ilə xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün yeni reabilitasiya müəssəsi, məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb, uşaqlar üçün sosial xidmət müəssisələri müasir tələblərə uyğun yenidən qurulub, aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təminatı həyata keçirilib. Ümumilikdə, bu gün sosial müdafiə sisteminin əhatə etdiyi bütün əhali kateqoriyaları, o cümlədən əlilliyi olan insanlar, sağlamlıq imkanları məhdud şəxslər, ahıl vətəndaşlar, valideyn himayəsindən məhrum gənclər, aztəminatlı ailələr, şəhid ailələri və digərləri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən çox mühüm dəstək layihələri mövcuddur və bu layihələrin hər biri ölkədə aparılan və ildən-ilə güclənən sosial siyasətin icrasında öz dəyərli töhfələrini verir.
Bu gün ölkədə 52,5 min aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilmiş və 7267 nəfər özünüməşğulluğa cəlb edilmişdir.
2019-cu ilin ötən dövründə isə artıq 1600-dən çox ailə bu proqrama cəlb edilib ki, onların əksəriyyətini əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplardan olanlar təşkil edir. Cari ildə proqrama cəlb olunanların sayının 10 minə, gələn isə Dünya Bankı ilə əməkdaşlıqda 15 minə çatdırılması nəzərdə tutulur.
Prezident cənab İlham Əliyevin tapşırığı ilə icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində isə cari ilin ötən dövründə 35 min işsiz və işxataran insan əmək müqaviləsi ilə ödənişli, ictimai-faydalı xarakter daşıyan işlərə cəlb olunub və bu sahədə işlər davam etdirilir. Eyni zamanda, qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün görülən tədbirlər ötən il əmək müqaviləsi ilə işləyənlərin sayının əvvəlki illə müqayisədə 91,3 min nəfər artmasına imkan verib, 2019-cu ilin yanvar-mart aylarında qeydiyyata alınmış əmək müqavilələrinin sayında 66 min artım qeydə alınıb.
Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının əsas istiqamətlərindən biri də əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron xidmətlərin tətbiqinin genişləndirilməsi şəraitində tam şəffaflaşdırılması və əhaliyə əlçatanlığının və vətəndaş məmnunluğunun təmin edilməsidir. Dövlət başçsının 5 sentyabr 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar mühüm islahat tədbirlərindən biri kimi, pensiya təyinatının avtomatlaşdırılmış mexanizmi yaradılmış və bu ilin əvvəlindən işə salınmışdır.
Beləliklə, Azərbaycanda ilk proaktiv xidmət olaraq, ölkədə pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsi praktikası formalaşmışdır. Bu proaktiv xidmətin hazırda bütün sosial təmint sistemi boyu genişləndirilməsi işləri davam etdirilir.
Həmçinin Fərmanın icrası olaraq, ölkəmizdə ilk dəfə sosial reyestr kimi “e-sosial” internet portalı yaradılıb ki, portal vətəndaşlara onlarla bağlı toplanmış sosial xarakterli bütün məlumatlara və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxış, habelə öz sosial hüquqlarının reallaşması vəziyyətinə daimi nəzarət imkanı verir. Ümumilikdə, bu gün nazirliyin əksər fəaliyyət sahələri üzrə e-xidmətlərin göstərilməsi üzrə alt-sistemləri əhatə edən, 18 alt sistemdən ibarət Mərkəzləşdirilmiş İnformasiya Sistemi fəaliyyət göstərir.
Sosial sahədə islahatlarda beynəlxalq qurumlarla geniş əməkdaşlıq gündəliyi mövcuddur və bunun əsasında təbii ki, beynəlxalq aləmdə ölkəmizə olan böyük inam, Azərbaycanda gedən inkişaf proseslərinə böyük maraq dayanır. Bunun daha bir göstəricisi kimi, may ayında Avropa Regional Sosial Təminat Forumunun da Azərbaycanda keçirlməsi qərara alınıb və ölkəmiz daha bir mötəbər beynəlxalq təbirə uğurla ev sahibliyi edəcək.
Bütün qeyd edilən sosial nailiyyətlər Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi güclü sosial siyasətin, təkmil islahatlar proqramının nailiyyətləridir. Azərbaycanın sosial inkişaf modelini təzahür etdirən bu uğurlar qarşıdakı dövrdə də davam edəcəkdir.
Sahil BABAYEV,
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Məqalə "Respublika" qəzetinin 09.05.2019-cu il tarixli sayında çap olunmuşdur