Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə fəal əməkdaşlıq əsasında bu təhsil ocağının institisional potensialından, elmi təhlil və araşdırmalarından istifadə məsələləri diqqətdə saxlanacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev həmin Akademiyanın müəllim və tələbə heyəti ilə görüşdə bildirib.
Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan görüşü Akademiyanın rektoru Hüseyn Qaraşov giriş sözü ilə açaraq, nazir S.Babayevin bu təhsil ocağında keçirdiyi görüşün əhəmiyyətini qeyd edib.
Görüş S.Babayevin müəllim və tələbə heyəti üçün mühazirəsi ilə davam edib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətləri, dövlət başçısının Fərman və Sərəncamlarına əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, cari ilin ötən dövründə minimum əmək haqqının və pensiyaların minimum məbləğinin, sosial müavinətlərin və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli və s. kimi mühüm tədbirlər 3 milyonadək vətəndaşın rifahına önəmli dəstək olub.
S.Babayev Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) barədə məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan DOST layihəsi, açılacaq “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin “bir pəncərə”, həmçinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.
Nazir əmək, məşğulluq, sosial təminat sistemləri üzrə elektron xidmətlərin genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb, nazirliyin “e-sosial” internet portalı, “Məşğulluq” altsistemi, pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi və s. barədə məlumat verib. S.Babayev əmək bazarının tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün aparılan islahatları, sosial tərəfdaşlarla, o cümlədən həmkarlar təşkilatları ilə birgə iş müstəvisində layiqli əməyin təminatına, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn kompleks tədbirləri diqqətə çatdırıb.
O, həmçinin, əmək resurslarının məşğulluq imkanlarının artırılması üçün getdikcə genişləndirilən aktiv əmək bazarı proqramlarını qeyd edib. Aparılan bütün islahatların dərin elmi təhlil və araşdırmalara əsaslandığını vurğulayan S.Babayev əmək, məşğulluq, sosial müdafiə sistemləri ilə bağlı gələcək strateji hədəfləri diqqətə çatdırıb.
Nazir tələbə və müəllim heyətinin suallarını da cavablandırıb.