Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Beyləqan, Füzuli rayonlarının işəgötürənləri üçün “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə həmkarlar təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələrinin məsul şəxsləri, Vergilər Nazirliyinin nümayəndəsi də iştirak ediblər. Əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin məzmunu və quruluşu, forması, bu müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə işəgötürənlərə ətraflı məlumat verilib. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları da diqqətə çatdırılıb.
Qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.