Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla İran arasında qədim tarixi olan əlaqələrin inkişaf edərək genişləndiyini vurğulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib, əldə olunan iqtisadi uğurların əhalinin rifah halının yaxşılaşdırlmasına xidmət etdiyini, bu sahədə ardıcıl olaraq mühüm addımların atıldığını diqqətə çatdırıb.
S.Babayev ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işlər, əmək, məşğulluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib. O, dövlət sosial xidmətlərinin vahid platformadan, bir pəncərə prinsipi ilə təqdim olunması üçün icra olunan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsindən bəhs edib.
S.Babayev bildirib ki, Prezident cənab İlham Əliyevin 2016-cı ilin fevral ayında İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Həmin sənəd əsasında müvafiq sahələrdə əməkdaşlıq həyata keçirilir, eyni zamanda, gələcəkdə bu əlaqələrin daha da genişlənməsi məqsədəuyğundur.
Nazir bildirib ki, bununla bərabər, 2013-cü ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Prezident cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib. Ötən dövrdə həmin Mərkəzin təsis olunması üçün müvafiq işlər aparılıb. Artıq bir sıra dövlətlər tərəfindən Nizamnaməsi imzalanan Mərkəz İƏT-ə üzv ölkələr, o cümlədən Azərbaycan və İran arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək.
R.Rəhmani ölkəsi ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin bütün sahələr, o cümlədən əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb. O, ikitərəfli əməkdaşlığın bundan sonra da daim inkişaf edəcəyinə əminliyini bildirib, İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması işlərinin önəmini qeyd edib.
Görüşdə iki ölkə arasında arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətindən də bəhs olunub, əməkdaşlıq əlaqələrinin gələcək inkişafına dair fikir mübadilələri aparılıb.