Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay Regional Peşə Tədris Mərkəzində Xidmətin əməkdaşları üçün Litva və Avstriyadan dəvət olunmuş mütəxəssislər tərəfindən təlimlərə başlanılıb.
“Dövlət Məşğulluq Xidmətinin modernləşdirilməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində ilk dəfə keçirilən və iki mərhələdən ibarət olacaq təlimlərə rayon (şəhər) Məşğulluq Mərkəzlərindən 33 əməkdaş cəlb olunub. Məqsəd Xidmətin əməkdaşlarının potensiallarının artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, həmçinin məşğulluq xidmətləri sahəsində müasir bilik və bacarıqlar üzrə yerli təlimçilərin hazırlanmasıdır.
Mayın 31-dək davam edəcək təlimlərin sonunda iştirakçılara “İştirakçı sertifikatı” və “Təlimçilərin təlimi” sertifikatı təqdim olunacaq.
Qeyd olunan tvinninq layihəsinin məqsədi Dövlət Məşğulluq Xidmətinin institusional potensialının və fəaliyyət mexanizminin Avropa Birliyinin qabaqcıl təcrübəsi, müasir yanaşmalar əsasında təkmilləşdirilməsidir.