Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əmək haqqının artırılması əhalinin rifah halının yaxşılaşdırılması sahəsində növbəti əhəmiyyətli addımlardan biridir. Sərəncamla ölkədə minimum əmək haqqı cari il martın 1-dən minimum 180 manat təşkil edir. İşəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmaqla, bu dəyişikliyi Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidir.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran rayonunda Lənkəran, Astara, Lerik rayonundan olan işəgötürənlər üçün keçirdiyi əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə tədbirində vurğulanıb.
Tədbirdə dövlət və qeyri-dövlət müəssisələrində, eləcədə özəl sahibkarlıq subyektlərinin işəgötürənləri tərəfindən, işçilərlə bağlanmış əmək müqaviləsinə müvafiq dəyişikliklərin edilməsi və bu dəyişikliklərin elektron imza vasitəsi ilə elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı qaydalar diqqətə çatdırılıb.