Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Neftçala rayonunda “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib.
Tədbirdə Xidmətin Salyan, Neftçala, Hacıqabul rayonlarını və Şirvan şəhərini əhatə edən 11 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən işəgötürənlər və işçilər iştirak edib.
Bildirilib ki, Əmək Məcəlləsində işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq əmək normaları (hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları) müəyyən olunur. Əmək normalarının tətbiqi, dəyişdirilməsi və onlara yenidən baxılması kollektiv müqavilələrlə müəyyən edilir, kollektiv müqavilə bağlanmadıqda isə həmkarlar ittifaqları ilə razılaşdırma əsasında işəgötürənlər tərəfindən həyata keçirilir. Yeni əmək normalarının qəbulu və tətbiqi barədə isə işçilərə ən azı iki ay qabaqcadan rəsmi məlumat verilməlidir.
İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Əmək Məcəlləsində müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
“Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da geniş bəhs olunub. Əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olan qeyri-rəsmi məşğulluğun vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə də ciddi maneə olduğu diqqətə çatdırılıb.